Transmilli şirkət

Transmilli şirkətlərin beynəlxalq hüquqda yeri və diplomatik müdafiəsi[1]

Beynəlxalq hüquqda – o cümlədən beynəlxalq iqtisadi hüquqda transmilli şirkətlər (TMŞ) haqqında artıq kifayət qədər müddəalar və fikirlər formalaşmışdır. TMŞ-lər dünyanın bir çox ölkələrində müəssisələri və filialları olan nəhəng şirkətlər birliyidir. Hazırda müsbət və mənfi cəhətlər baxımından TMŞ-lərin rol və fəaliyyətləri müasir dünyada olduqca ziddiyyətli qiymətləndirilir.

TMŞ-ləri bir çox iqtisadçı alimlər texniki tərəqqinin daşıyıcısı olan proqressiv iqtisadi fenomen adlandırırlar. Şəksiz bu fikirlə razılaşmamaq mümkün deyil. Digər tərəfdən isə "üçüncü dünya" ölkələrinin təbii sərvətlərini xammal şəklində mənimsəyən, bu zaman həmin ölkələrin vətəndaşlarını misli görünməmiş və heç bir beynəlxalq normaya uyğun olmayan qayda və üsullarla istismar edən və neokolonializmin başlıca zərbə qüvvəsi sayılan TMŞ-lərin beynəlxalq leqal mafiya imici də formalaşmışdır. Lakin hər nə olursa-olsun TMŞ-lərin fəaliyyəti və inkişafı ilə bağlı proseslər dövrün qanunauyğun, obyektiv inkişafının nəticəsidir və bu proses qarşısıalınmazdır.

Bu gün dünyada TMŞ-lər qədər fəaliyyət göstərdikləri ölkələrin milli qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına etinasızlıq göstərən ikinci bir qüvvə çətin ki, tapılsın. TMŞ-lərin iqtisadi qüdrətini və dünya siyasətinə ciddi təsirini nəzərə alaraq bəzi qərb dövlətlərində bu qurumlara beynəlxalq hüququn subyekti statusunun verilməsi haqda fikirlər söyləyirlər. Bu fikirləri irəli sürənlərin arqumentləri şəksiz ki, kifayət qədər əsaslıdır, ən azı bu baxımdan ki, bu gün TMŞ-lərin beynəlxalq arenadakı istər iqtisadi, istərsə də siyasi təsir qüvvəsi dünyanın əksər dövlətlərinin təsir qüvvəsindən qat-qat üstündür. Lakin bu fikirlərə əks fikirlər də söylənilməkdədir. Belə ki, digər tərəflər hesab edir ki, TMŞ-lərin fəaliyyəti beynəlxalq hüquqla deyil, beynəlxalq xüsusi hüquqla tənzim olunur və bu baxımdan onlar beynəlxalq hüququn subyekti ola bilməzlər.

Əslində isə beynəlxalq hüququn subyektinə çevrilmək heç TMŞ-lərin özlərinə də əl vermir. Ən azı ona görə ki, bu statusun olmaması onların neokolonialist sifətlərini bir qədər maskalaya bilər. Bununla belə TMŞ-lər bir çox hallarda beynəlxalq iqtisadi hüququn subyektləri rolunda çıxış edirlər. Bir qayda olaraq onların imzaladıqları kontraktlarda tərəflərdən biri dövlətlər olur. Digər tərəfdən inkişaf etməkdə olan bir sıra dövlətlər TMŞ-lərin artmaqda olan iqtisadi və siyasi təzyiqləri ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən, BMT qarşısında dəfələrlə məsələlər qoymuşlar. BMT hələ 1974-cü ildə TMŞ-lərlə bağlı dövlətlərarası komissiya və TMŞ-lər üzrə mərkəz yaratmışdır. Bu qurumların məqsədi TMŞ-lərin fəaliyyətini nizamlayan normalar sistemi yaratmaq və onları bu normalara əməl etməyə vadar etmək idi. Bu komissiyanın topladığı materiallar əsasında YUNKTAD (Beynəlxalq Ticarət Mərkəzi) tərəfindən bir sıra qaydalar və prinsiplər müəyyən olunmuşdur və bunlar BMT Baş Məclisinin 1980-ci ildə keçirilən XXX sessiyasında qəbul olunmuşdur. Bundan əlavə sessiyada Baş Məclis "TMŞ-lər və digər korporasiyalar, onların vasitəçiləri və aidiyyatı olan digər tərəflərin tətbiq etdikləri korrupsiyaya qarşı tədbirlər" haqqında 3514 nömrəli qətnamə qəbul etmişdir. Ən ali beynəlxalq təşkilat tərəfindən həyata keçirilən bütün bu tədbirlər TMŞ-lərin mənfi fəaliyyətinə heç bir təsir göstərə bilməmişdir. Əksinə TMŞ-lər təzyiq vasitəsi kimi yeni-yeni üsullar və yollar mənimsəmiş və hazırda bu üsullar tətbiq olunmaqdadır. Bu monopoliyalar özlərinə aid olan şirkətlərin yerləşdiyi yerdə dövlətin müstəqil hüquqi şəxs forması olmasından istifadə edərək həmin firmalar üzərində yerli qanunvericiliyin şamil olmasını istəyirlər. Belə ki, bu, ilk növbədə əgər dövlət öz şirkətləri üçün xarici firmalardan güzəştli şərtlər (vergi sahəsində) nəzərdə tutursa, həmin dövlətin hüquqi şəxsi sayılır. Digər hallarda TMŞ-lər xarici dövlətlərdə öz filiallarını yaradırlar. Filiallara müstəqil hüquqi şəxs statusu verilmir. Beləliklə, transmilli kompaniyaların iqtisadi anlayışı, iqtisadi-mahiyyəti və hüquqi forması arasında uyğunsuzluq olur. Vahid birlik hüquqi çoxluqla rəsmiləşdirilir ki, (yerli hüququn hüquqi şəxsi, filialı və s.) bu da TMŞ-lərin mülkiyyətçilərinin maraqlarına cavab verir. 1974-cü il dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında nəzərdə tutulur ki, hər bir dövlətin öz yurisdiksiyası çərçivəsində TMŞ-in fəaliyyətini nizama salma və nəzarət etmə hüququ vardır. BMT Baş Assambleyasının qətnaməsi formasında qəbul edilən bu xartiyada eyni zamanda TMŞ davranış kodeksindəki kimi, inkişaf etməkdə olan dövlətlərin öz iqtisadiyyatlarını TMŞ-in təsirindən müdafiə etməsi təşəbbüsünü əks etdirir. Beynəlxalq Həmkarlar Təşkilatlarının TMŞ-lərlə uzunmüddətli mübarizəsi də uğursuzluğa düçar olmuşdur. Bunlara cavab olaraq TMŞ-lər fəaliyyət göstərdikləri bir sıra ölkələrin milli qanunvericiliyində həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanunların qəbul olunmasına nail olmuşdur. TMŞ-lər fəaliyyət göstərdikləri sahələrdə bir qayda olaraq fəal həmkarlar ittifaqlarını ya əzərək məhv edir, ya da onları ələ alırlar. Amma onu da qeyd etmək lazımdır ki, TMŞ-lər heç də həmişə buna nail ola bilmirlər.

Bəs TMŞ-lər fəaliyyət göstərdikləri ölkələrdə təsir dairəsini necə formalaşdırırlar? İlk əvvəl imzaladıqları kontraktlar vasitəsi ilə... Bir çox hallarda onlar yüksək vəzifəli dövlət məmurlarını öz korrupsiya torlarına salırlar. Özləri üçün əlverişli olan şərtləri bu yolla kontraktlarda əks etdirirlər və əlavə imtiyazlar (məsələn, güzəştli vergilər, yerli işçilərə görünməmiş dərəcədə aşağı əmək haqları verilməsi və s.) əldə edirlər. TMŞ-lər öz şərtlərini bir sıra hallarda birbaşa deyil, dolayı yollarla diktə edirlər. Bunun üçün onların çoxsaylı üsul və metodları mövcuddur. Buna misal olaraq həmin ölkələrə kreditlər və maliyyə yardımları ayıran xarici və beynəlxalq banklar, maliyyə qurumları vasitəsi ilə diktə olunan şərtləri göstərmək olar. Bu qurumlar tərəfindən irəli sürülən şərtlərin bir çoxunda TMŞ-lərin təsiri şəksizdir.

Lakin özünəməxsus şərtlərlə fəaliyyət göstərərək "yeni müstəmləkə siyasəti"ni yürüdən bu şirkətlər bir sıra ciddi problemlərlə üzləşir ki, bunlardan da ən əsaslarından biri diplomatik müdafiədir. Hər bir dövlətin öz fiziki və hüquqi şəxslərini diplomatik müdafiə hüququ var. Diplomatik müdafiə adı altında bir dövlətin digər dövlətə olan iddiasından belə başa düşülür ki, bu vaxt sonuncu beynəlxalq hüquq normalarını pozur, iddiaçı dövlətə aid olan şirkətin hüquqi və fiziki şəxslərinə ziyan vurur və bu ziyan cavabdeh dövlətin daxili hüquqi müdafiə vasitələri ilə ödənilir.

Bu problem əsasən hələ ötən əsrin 50-60-cı illərində müstəqillik əldə edən dövlətlər öz ərazilərində xarici mülkiyyət obyektlərini milliləşdirən zaman yaranmağa başladı. Həmin vaxt TMŞ-in sahibkarı olan inkişaf etmiş dövlətlər öz çoxmilli müəssisələrinin maraqlarının müdafiəsi üçün diplomatik müdafiə tədbirlərini tətbiq etdilər. Buna cavab olaraq inkişaf etməkdə olan dövlətlər də doktrina işləyib hazırladılar. Həmin doktrinaya görə, qəbul edən dövlətə münasibətdə xarici şəxsin tələbi bu dövlətin müstəsna olaraq məhkəməsində həll edilməsidir, xarici şəxsin aid olduğu dövlətin oradakı münasibətə diplomatik müdafiə hüququ yoxdur və inkişaf etməkdə olan dövlətlər xarici şəxslərə öz şəxslərinə verdiyi hüququ verirlər. Bu prinsiplər həm inkişaf etməkdə olan dövlətlərin daxili hüququnda həm də xarici investorlarla bağlanmış ikitərəfli sazişlərdə öz əksini tapdı.

Ancaq beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq hüquq özlərinin çoxmilli münasibətlərin diplomatik müdafiəsi üzrə dövlət hüququndan kənarda tapılmasının tərəfində oldu.

Beləliklə, 1970-ci ildə "Barcelona Traction" işi üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin materiallarında qeyd edilir ki, dövlətlərin beynəlxalq hüquqa uyğun olaraq öz milliliyi olan, şirkətlər üzərində özlərinin diplomatik müdafiələrini yaymaq hüququ var. Həmin işin məğzi belə idi ki, Kanadanın "Barcelona Traction, Light and Power Company Ltd." şirkətinin İspaniyada qız müəssisəsi vardı. Qız müəssisənin aktivlərinin əksər hissəsi-85 faizi isə belçikalı fiziki və hüquqi şəxslərə məxsus idi. Belçika şəxslərinə aid olan mülkiyyət İspaniya hökumətinin fəaliyyəti nəticəsində qeyri-qanuni olaraq ispan şəxslərin əlinə keçdi. Belçika səhmdarlarına aid olan ziyan 90 milyon dollar idi. Belçika belçikalı hüquqi və fiziki şəxslərin diplomatik müdafiəsi məqsədilə İspaniyaya qarşı iddia ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. Lakin BMT-nin Beynəlxalq Məhkəməsi iddiadan imtina etdi və onu əsas gətirdi ki, həmin halda Belçika iddia irəli sürə bilməz. Çünki şirkətin səhmdarları Belçikaya aid olsa da şirkətin milliliyi Kanadaya aiddir. Diplomatik müdafiə isə səhmdarlara yox, şirkətə aiddir. Səhmdarların hüququ isə ümumi beynəlxalq hüquqa görə diplomatik müdafiə hüququndan kənarda yerləşir. Çoxmilli müəssisələrin diplomatik müdafiəsi problemi BMT-nin Beynəlxalq Məhkəməsində "Electronica Sicula S.p.A" (ELSI) işi kimi məşhur olan digər işi ilə də əlaqəli olub. Göstərilən italyan müəssisəsi tamamilə iki amerikalı müəssisəyə aid idi. İtaliya hakimiyyəti onda günahlandırıldı ki, onların qeyri-qanuni fəaliyyəti nəticəsində Amerika və İtaliya arasında bağlanmış dostluq, ticarət və naviqasiya haqda müqavilənin pozulması ilə Amerika səhmdarlarına ziyan vurulub. ABŞ öz hüquqi şəxslərinin diplomatik müdafiəsi məqsədilə İtaliyaya qarşı iddia ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. BMT-nin Beynəlxalq Məhkəməsi ABŞ-ın iddiasından imtina etdi və müəyyən etdi ki, bu hadisə İtaliya tərəfindən müqavilənin pozulması sayılmır. Həmin iş üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında göstərilirdi ki, əvvəlki mövqeyi təsdiq edir: diplomatik müdafiə şirkətə aiddir, səhmdara yox.

Onu da qeyd etmək lazımdır ki, diplomatik müdafiə dövlətin vəzifəsi yox, hüququdur. Belə bir nəzəriyyə də mövcuddur ki, TMŞ-in diplomatik müdafiəsini məskunlaşdığı dövlət yox, onun bütün tərkib hissələrinə nəzarəti həyata keçirən dövlət göstərməlidir. Eyni zamanda o da mümkündür ki, TMŞ-in məskunlaşdığı dövlətlə onu qəbul edən dövlət arasında belə bir qarşılıqlı razılaşma ola bilər ki, hüquqi şəxsin diplomatik müdafiəsi milli mənsubiyyət meyarına görə yox, mülkiyyət meyarına görə müəyyən edilsin.

Bizim üçün yeni olan, lakin "üçüncü dünya" ölkələrini az qala 50 ilə yaxın bir müddətdə öz burulğanında saxlayan "transmilli şirkət" anlayışı respublikamızın keşməkeşli həyatının yeni, lakin görünür, davamlı olacaq reallığına çevrilməkdədir. Ancaq biz bu məsələyə mümkün qədər obyektiv yanaşmalıyıq. TMŞ-lərin fəaliyyətinin nəticəsi kimi bu gün Küveyti, BƏƏ-ni, Səudiyyə Ərəbistanını və oradakı həyat tərzini nümayiş etdirərkən Nigeriyanı da yaddan çıxarmamalıyıq.

Digər dillərdə
asturianu: Multinacional
беларуская (тарашкевіца)‎: Транснацыянальная карпарацыя
català: Multinacional
español: Multinacional
euskara: Multinazional
français: Multinationale
Bahasa Indonesia: Perusahaan multinasional
italiano: Multinazionale
日本語: 多国籍企業
한국어: 다국적 기업
norsk nynorsk: Fleirnasjonalt selskap
srpskohrvatski / српскохрватски: Multinacionalna korporacija
oʻzbekcha/ўзбекча: Transmilliy korporatsiya
Tiếng Việt: Công ty đa quốc gia
中文: 跨國公司