Heyz

Heyz, qadınların rəhimindən hər ayda bir neçə gün xaric olan qandır. Heyz qanı gördüyü zaman, qadına "haiz" deyilir.

Heyz qanı çox vaxt qatı, isti, qara rəngli, yaxud qırmızı olur, təzyiqlə və bir az da yandırıcı halda xaric olur.

Qadınların altımış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. Qüreyş nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına qədər – əlli yaşından qabaq gördükləri təqdirdə – qəti olaraq heyz hökmündə olan bir qan görsə haizə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbbdir.

Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan, heyz deyildir.

Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu xüsusda hamilə ilə hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də etməlidir.

Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olmuş olsa, onun heyz olma hökmü, məhəlli işkaldır. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir və bu təqdirdə, doqquz yaşını tamamladığı məlum olur.

Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir.

Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir.

Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir.

Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bəzi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.

Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci gün sübhün əvvəlindən üçüncü günün axşamına qədər, ardıcıl qan gəlsə və əsla kəsilməzsə, heyzdir. Həmçinin əgər birinci günün ortalarında başlayarsa və dördüncü gün həmin vaxtda kəsilərsə də, eyni hökmü daşıyır.

Əgər üç gün dalbadal qan görüb kəsildikdən sonra təkrar qan görərsə və qan gördüyü və arada pak olduğu günlər üst-üstə on gündən çox olmazsa, qan gördüyü bütün günlər heyzdir. Amma lazım ehtiyata görə arada pak olduğu günlərdə isə həm heyz olmayan qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan şeylərdən çəkinməlidir.

Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın çiban və ya yara, yoxsa heyz qanımı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir.

Əgər qadın yara, yoxsa heyz qanı olduğunu bilmədiyi bir qan görsə, əvvəlki halı heyz olmamışdırsa ibadətlərini yerinə yetirməlidir.

Əgər qadın bir qan görüb heyz qanı, yoxsa istihazə qanımı olduğunda şəkk edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir.

Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü yoxlamalıdır: yə`ni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır.

Əgər üç gündən az qan görərsə və pak olduqdan sonra yenidən üç gün qan görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz deyildir.

Digər dillərdə
Alemannisch: Menstruationszyklus
العربية: دورة شهرية
français: Cycle menstruel
हिन्दी: मासिक धर्म
Kreyòl ayisyen: Sik menstriyèl
italiano: Ciclo mestruale
ಕನ್ನಡ: ಋತುಚಕ್ರ
한국어: 월경 주기
Bahasa Melayu: Kitaran haid
Nederlands: Menstruatiecyclus
português: Ciclo menstrual
Runa Simi: K'ikuy
română: Ciclu menstrual
srpskohrvatski / српскохрватски: Menstrualni ciklus
Simple English: Menstrual cycle
slovenščina: Menstruacijski ciklus
Basa Sunda: Siklus ménstruasi
తెలుగు: ఋతుచక్రం
татарча/tatarça: Менструаль цикл
Tiếng Việt: Chu kỳ kinh nguyệt
中文: 月經週期