Hərb

Merge-arrows.svg Bu məqalə Müharibə məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Hərb - mənası döyüş,savaş anlamına gəlir.Qədim dövrlərə gedib çatan bir tarixə malikdir.Hərbidə işləyən və ya xidmət edən şəxsə isə hərbçi deyilir.

Hərbçilərin mülki şəxslərdən fərqi odurki,onlar nizamnamə çərçivəsində hərəkət edir,müəyyən hərbi və mülki biliyə sahib,ekstrimal vəziyyətlərdən çıxış yolunu asanlıqla tapan,fiziki cəhətdən güclü və mənəvi cəhətdən iradəli olurlar.

İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tədbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur.Dünyanın inkişaf etmiş ölkələrinin və inkişaf etməkdə olan ölkələrində hərbi xidmət 18 və ya 12 aydır.Azərbaycanda hərbi xidmət 18 ay müddətində olur.Xidməti bitmiş hərbi qulluqçu əlavə müqavilə imzalayaraq MAXE hərbi qulluqçu kimi işləyə bilər.

Dünya hərb tarixində Azərbaycan sərkərdələrinin yeri

Dünya tarixində yeritdiyi hərbi taktika və strategiyası ilə döyüşün gedişini öz xeyirinə dəyişən görkəmli sərkərdələr çox olub. Onların seçdiyi taktika məğlub olmaq ərəfəsində olan hərbi qüvvələri belə sonda savaşın qalibi edib. Bir çox məşhur sərkərdələr var ki, onların hərb sənətinə gətirdiyi taktikalardan bu günün hərbi əməliyyatlarında da uğurla istifadə olunur. Qədim dövrlərdə Sparta hökmdarı Menelay 300 nəfərlik qüvvə ilə tutduğu əlverişli mövqe sayəsində İran Əhəməni dövlətinin qat-qat çoxsaylı qüvvələrinin irəliləməsinin qarşısını xeyli müddət ləngidə bilmişdi. Karfagen sərkərdəsi Hannibal hərbi sənəti ilə uzun müddət qədim Roma Respublikasını qorxu içində saxlamış, Kann döyüşündə yeritdiyi mükəmməl taktika ilə zəfər çalmışdı. Hətta İkinci Cahan Müharibəsindəki Kursk döyüşündə rusların alman faşistlərinə qarşı həyata keçirdiyi taktika zamanı da Kann döyüşünün strategiyasından istifadə olunub. Makedoniyalı İsgərdər özündən 5-6 dəfə çox olan Əhəməni ordusunu mükəmməl hərbi istedadı sayəsində az müddət ərzində pərən-pərən salmağa nail oldu. Orta əsrlərdə monqolların böyük hökmdarı Temuçin Çingizxan yüksək sərkərdəlik bacarığını nümayiş etdirərək, qısa müddətdə o vaxt bəlli olan dünyanın yarısına sahib çıxmışdı. Osmanlı İmperiyasının hərbi sərkərdələri də möhtəşəm bacarıqları sayəsində dəfələrlə rəqiblərini məğlub durumda qoya bilib. Fransada Napoleon Bonapart top atəşi sənətinin ustası kimi şöhrət qazanmışdı. O, Fransanın cənubunda Tulon şəhərini tutan ingilis ordusunu özünün sərrast top atəşilə heyran qoydu. Rusiya tarixində də hərb sənətinin məşhur sərkərdələri olub. Təkcə Suvorovun adını çəkmək kifayətdir. Generalissimus rütbəsinə kimi yüksələn bu dahi şəxs mükəmməl taktikası ilə özündən qat-qat çox qüvvənin öhdəsindən asanlıqla gəlmək bacarığı ilə seçilirdi. Vətənimiz Azərbaycan da bəşəriyyətə hərb sənətinin bir çox görkəmli sərkərdələrini yetişdirib. Girdman dövlətinin başçısı Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837 illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın edib. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olur. Azərbaycanın hərbçi sərkərdələrinin başında isə, heç şübhəsiz, Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski dayanır. Bu dahi şəxslərin hərb sənətinin dövlətçilik tariximizdə xüsusi yeri var. Onlar nəinki Azərbaycanın, hətta dünyanın hərb tarixində mühüm yer tutur. Şıxlinskinin "Şıxlinski üçbucağı" dəsrliyindən təkcə Rusiyada deyil, habelə Fransa, Norveç, Avstriya, İsveçrə və bir sıra digər ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub. Bu şəxs Fransanın yüksək ordeni sayılan "Legion" ordenilə təltif olunan yeganə azərbaycanlıdır. Rus-Yapon müharibəsində Port-Arturun müdafiəsində şəxsi şücaətilə seçilib. Əbəs yerə deyil ki, ona "artilleriyanın allahı" adını veriblər. Böyük Vətən Müharibəsi illərində tank diviziyasına rəhbərlik edən general-mayor Həzi Aslanov Pribaltikanın azad olunması zamanı həyata keçirdiyi uğurlu manevrlərilə faşistləri çaş-baş salmaqla məşhurlaşmışdı. Bundan başqa, Azərbaycanın hərbi tarixində görkəmli rol oynamış Cəmşid Naxçıvanski, Fərrux ağa Qayıbov və s. bu kimi məşhur sərkərdələri olub ki, onlar da dünya hərb taktikası və strategiyasına özünəməxsus töhvələr verib. Bununla isə həm də Azərbaycanın tanıdılmasında böyük xidmətlər göstərib. Bu tanınmış simalarımız xalqımızın hərb sahəsində də böyük nailiyyətlər əldə etməyə qadir olduğunu nümayiş etdiriblər. Siyasi şərhçi, professor Vaqif Arzumanlı da bildirdi ki, Azərbaycan hərbçiləri dünya hərb tarixində müəyyən mənada bəzi misilsiz xidmətlərlə yadda qalıb: "İstər XIX, istərsə də XX əsrdə baş verən bir sıra müharibə və dövlətlərarası münaqişələrdə iştirak edərkən ayrı-ayrı şəxsiyyətlərimiz müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. İlk növbədə 1905-ci ildəki Rus-Yapon müharibəsində həmvətənimiz Əlağa Şıxlinskinin qazandığı uğurları qeyd etmək olar. Generalın buradakı xidmətləri xüsusilə qeyd olunmalıdır. Həmin müharibə zamanı Şıxlinskinin uzaqvuran topların strategiyası ilə bağlı "Şıxlinski nəzəriyyəsi" və "Şıxlinski üçbucağı" adı ilə məşhur olan praktik və nəzəri ideyaları böyük rol oynayıb. Port-Artur döyüşündə Şıxlinskinin göstərdiyi xidmət o vaxtkı Çar hökuməti tərəfindən yüksək qiymətləndirilib. Digər tərəfdən, Azərbaycanın bir çox generalları XIX əsrdə, məsələn, Abdulla ağa Bakıxanov, Naxçıvanskilər adını daşıyan generallar uzun müddət Rusiya ordusunda xidmət edib və bu xidmət zamanı öz hərbi strategiyası ilə seçilən sərkərdələrdən olub. Bu mənada Həzi Aslanovu xüsusi olaraq vurğulamaq gərəkdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanov İkinci Dünya Müharibəsində tank döyüşlərinin allahı, mahir bilicisi kimi şöhrət qazanıb. O, Stalinqrad ətrafında Almaniyanın tank qoşunlarına qarşı apardığı döyüşlərlə sovet hərbi doktrinasına xeyli töhfə verib. Bundan başqa, ayrı-ayrı dövrlərdə - istər Birinci Dünya Müharibəsi, istər İkinci Dünya Müharibəsi, həmçinin XVIII-XIX əsrdəki Rusiya-İran, Rusiya-Türkiyə müharibələrində əslən azərbaycanlı olan bir sıra general və hərbçilərimiz öz fəaliyyətlərilə seçilib. Azərbaycanın ilk hərbi-qırıcı təyyarəçisinin Rusiyada böyük şöhrət qazanması, habelə ayrı-ayrı hərbçilərinin böyük uğurlara imza atması bu cəhətdən xüsusi olaraq qiymətləndirilə bilər. Vaxtilə Azərbaycan türklərinə, müsəlmanlara rusiyalı hərbçilər bəzən o qədər də etibar etmirdi. Bu nəinki Çar dövründə, hətta İkinci Dünya Müharibəsi zamanı da müəyyən hallarda özünü büruzə verirdi. Amma bu düzgün mövqe deyildi. Çünki Azərbaycandan Rus hərb tarixində xeyli general və polkovnikinin xidmətləri var və bunlar danılmaz faktlardır. Məsələn, xanlıqlar dövründə Azərbaycanın, demək olar ki, hər bir xanlığının bəzi övladları Peterburqda, Moskvada hərbi məktəblərdə təhsil alıb. Onlar bir tərəfdən zamin kimi saxlanırdı, digər tərəfdən də, fürsətdən istifadə edərək hərbçi kimi təhsillərini artırırdılar. Onlar Rus hərbi texnikasına yiyələnməklə özlərini döyüşdə mahir hərbçi kimi göstərə biliblər. Rusiya-Polşa müharibəsində İsmayıl bəy Qutqaşınlı o zamanın ən nüfuzlu hərbçilərindən biri olub. Hətta deyilənə görə o, vaxtilə general rütbəsinə də layiq görülüb. İ.Qutqaşınlı bir hərbçi kimi at üstündə binanın 4-5-ci mərtəbələrinə pilləkənlərlə qalxarmış. Ona bu cəsarətinə görə Qafqaz Sultaneviçi adını veriblər. Sözügedən müharibədə general Abbasqulu ağa Bakıxanovun da çoxsaylı rəşadətləri olub. Tarixi faktlar göstərir ki, istər XIX əsrdəki Rus-Türk müharibələri, istərsə də hər iki dünya müharibəsində çoxsaylı azərbaycan türkü olan general aə polkovniklər olub ki, onlar məxsus olduqları ordunun tərkibində son damla qanına qədər vuruşub. Bizimkilərin guya hərbi sənətə yararlı olmaması barədə deyilənlər isə rus şovinizmi və erməni uydurmasının izləridir. Bunların heç biri həqiqəti əks etdirmir". Keçmiş hərbi jurnalist Telman Nəzərli Mehmandarovun sözügedən keyfiyyətlərə malik böyük sərkərdə olduğuna diqqət yetirdi: "Görkəmli sərkərdəmiz Səməd bəy Mehmandarov artilleriya sahəsində bir çox yeniliklər müəllifidir. Bu tarixi şəxsiyyətə həsr olunan "Səməd bəy" adında sənədli filmin ssenari müəllifi olmuşam. Burada bir məqamı xüsusi olaraq qabartmışdıq ki, Səməd bəy Mehmandarov müdafiə naziri olan kimi birinci növbədə top və mərmi, yəni artilleriya məsələlərini önə çəkərək qeyd edib ki, bu, ordunun bel sütunudur. Yəni bütün müharibələrdə artilleriya olmadan hansısa bir qələbəyə nail olmaq qeyri-mümkündür. Dünya müharibəsində də bu praktika qəbul olunub. Artilleriya olmadan piyada heç vaxt istədiyinə nail ola bilmir. Mehmandarovun ilk fərmanlarından biri də ordumuzda ana dilinin tətbiqilə bağlı olub. O bunun orduda əsgərin verilən əmri daha yaxşı qavraması üçün lazım olduğunu söyləmişdi. Bunu da onunla bağlayırdı ki, orduda əsgərin mənəvi cəhətdən tam yetkin formalaşması üçün yuxarıdan aşağı verilən əmrləri tam mənimsəməsi vacib şərtdir. Bunun həlli üçün müəyyən müddət qoyuldu, kurslar keçirildi. Qısa zamanda, təxminən 2-3 ay ərzində əmr qüvvəyə minərək tətbiq olundu. Ondan sonra gördülər ki, bütün sahələr, xüsusən də artilleriya sahəsindəki əsgərlər döyüş prinsiplərini daha asan qavramağa başlayıb. Dünya praktikasında fərqlənmə baxımından Mehmandarovun xidməti artilleriyanın bütün parametrləri üzrə vaxtında və yerində işlədilməsi prinsipi olub. Bu, müharibənin zəfərlə başa çatmasında həlledici əhəmiyyət daşıyırdı. İkinci Dünya Müharibəsində Həzi Aslanovun taktikası xüsusilə seçilirdi. Biz Azərbaycan hərb tarixini əsasən məlum Cumhuriyyət dövründən götürmüşük. Çünki məsələyə milli kadr baxımından yanaşılıb. Bu sıraya Əlağa Şıxlinskini də əlavə etmək olar".

Digər dillərdə