Böyük London yanğını

Naməlum rəssam tərəfindən London yanğınının 4 sentyabr tarixində çəkilən rəsmi. Sağ tərəfdə Tauer, sol tərəfdə London körpüsü, daha yüksək alov dilimləri köhnə Müqəddəs Pavel kilsəsinin yerindədir.

Böyük London yanğını1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Uestminister rayonu (indiki Uest-End), Uaytholl sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır. [1]

Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur.[2]

Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır.

Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir.[3]

Yanğının mənbəyi və nəticələri

Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır. Yanğın şəhərin qərb istiqamətində sürətli şəkildə yayılmağa başlamışdır. Həmin dövrün yanğınsöndürənləri qaydaya uyğun olaraq, hər hansı bir yanğının yayılmaması üçün yanğın ətrafında tikililərin dağıdılması metodunu tətbiq edirdilər. Şəhər meri lord Tomas Bladvort bu tədbirlərin bütövlüyünə əmin olmadığından bu metod tətbiq olunmamışdır. O, binaların sökülməsi əmrini verdikdə isə bu, artıq gec idi.

Bəziləri bu yanğının əcnəbilər, hollandlar və ya fransızlar tərəfindən törədildiyini hesab edirdilər. Hər iki ölkə həmin dövrdə gedən İkinci ingilis-holland müharibəsində İngiltərənin düşmənləri idi.

Bazar ertəsi günü yanğın şimal tərəfə, Londonun mərkəzinə doğru yayılmağa davam etmişdir. Çərşənbə axşamı yanğın şəhərin əksər hissəsinə yayılaraq Müqəddəs Pavel kafedralını dağıtmış və Flit çayının əks istiqamətindəki sahilə keçmişdir. Yanğının qarşısını almaq cəhdi ona görə uğurla nəticələnmişdir ki, şərq küləyi dayanmış və Tauer qarnizonu barıtın köməyilə yanğının şərq istiqamətində irəliləməsinin qarşısını almaq məqsədilər binalar arasında yanğınaqarşı partlayışlar həyata keçirmişdir.

Bu bədbəxt hadisə nəticəsində çoxlu sosial və iqtisadi problemlər yaranmışdır. II Karl yanğından əziyyət çəkənləri Londondan gedərək başqa bir yerdə məskunlaşmağa çağırmışdır. O, Londonda öz mülkünü itirmiş insanlar arasında üsyanın qalxacağından ehtiyatlanırdı.

Çoxsaylı radikal təkliflərə baxmayaraq, London yanğına qədər olan plan əsasında rekonstruksiya olunmuş,həmçinin, 1665-ci ildə Londonda tügyan edən vəbadan qurtulmağa yardımçı vasitə olmuşdur.[4]

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Пажар у Лёндане 1666 году
Bahasa Indonesia: Kebakaran Besar London
한국어: 런던 대화재
Bahasa Melayu: Kebakaran Besar London
srpskohrvatski / српскохрватски: Veliki požar u Londonu
Simple English: Great Fire of London
中文: 倫敦大火
粵語: 倫敦大火