Əbdülməcid Əfəndi

Əbdülməcid Əfəndi
عبد المجيد أفندي
Əbdülməcid Əfəndi
29-cu Osmanlı xəlifəsi
19 noyabr 1922 — 3 mart 1924
Sələfi:VI Mehmed
Xələfi:xilafət ləğv edildi
 
Doğum tarixi:29 may 1868(1868-05-29)
İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi:23 avqust 1944 (76 yaşında)
Paris, Fransa
Atası:I Əbdüləziz
Anası:Heyranıdil Qadınəfəndi
Həyat yoldaşı:Şahsüvar Qadınəfəndi
Mihrimah Qadınəfəndi
Hayrunisa Qadınəfəndi
Məhisti Qadınəfəndi
Bəhruzə Qadınəfəndi
Uşaqları:Ömər Fərrux Əfəndi
Dürrüşəhvar Sultan

Əbdülməcid Əfəndi (d. 29 may 1868 - ö. 23 avqust 1944) — 29-cu Osmanlı xəlifəsi.

Həyatı

Atası Sultan Əbdüləziz, anası Heyranıdil Qadındır. 29 may 1868-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atasının 1876-cı ildə taxtdan endirilməsindən sonra ikinci məşrutiyyətə qədər sarayda qapalı bir həyat yaşadı. Bu əsnada əcnəbi dillər öyrəndi. İncəsənətə, xüsusilə də rəsmə marağı vardı. Əmisinin oğlu Mehmed Vahidəddinin 4 iyul 1918-ci ildə taxta çıxmasıyla vəliəhd elan olundu. Birinci Dünya müharibəsindən sonra İstanbulun işğalı illərində Sultan Vahidəddinin bəzi hərəkətlərini açıqca tənqid etməyə başladı. O illərdə işğalçılara qarşı mübarizə aparan milli ordunun lehinə bəyanatlar verirdi. Hətta bir müddət sonra Ankaraya getmək istəsə də, azadlıq hərəkatının başında Osmanlı sülaləsindən birinin olmasını istəməyən ingilislər onu nəzarət altına aldılar.

TBMM 1 noyabr 1922-ci ildə 431 saylı iki maddədən ibarət bir qanunla səltənət və xilafəti bir-birindən ayıraraq səltənəti ləğv etdi. Beləliklə, Osmanlı sülaləsinə qarşı ilk addım atıldı. Həmin qanunun ikinci maddəsində xəlifəliyin Osmanlı ailəsinə məxsus olduğu, TBMM tərəfindən bu ünvanın Osmanlı ailəsindən ən layiqli şəxsə veriləcəyi qeyd edildi. Ancaq 3 noyabrda baş tutan cümə salamlığına Sultan Vahidəddinin həm padşah, həm də xəlifə olaraq qatılması vəziyyəti gərginləşdirdi. Nəhayət, Sultan Vahidəddin 16 noyabrda “vətən xaini” elan edildi və həmin gecə ingilis zirehli gəmisiylə ölkəni tərk etdi.

Abdulmecid efendi.jpg

Bu hadisədən sonra xəlifəliyin boş qaldığını elan edən TBMM 19 noyabrda Əbdülməcid Əfəndini xəlifə seçdi. “Xəlifeyi-müslimin” ünvanıyla 24 noyabr günü Topqapı sarayındakı Hırka-ı Şərif otağında keçirilən mərasimlə xəlifə elan olundu. Bu mərasimə TBMM-nin təmsilçisi olaraq Rüfət Paşa və Xoca Müfid Əfəndi də qatılmışdı. İlk dəfə ərəbcə deyil, türkcə dua edildi. Fateh məscidində yeni xəlifənın adına Xoca Müfid Əfəndi tərəfindən ilk dəfə türkcə xütbə oxundu. Yeni xəlifə İslam aləminə bir bəyannamə nəşr etdirərək onu seçən məclisə təşəkkür etdi.

Səltənətsiz bir xilafətin necə idarə olunacağı bilinmədiyi üçün o illərdə güclü müxalif qüvvələr yarandı. Cumhuriyyətin elanına qədərki dövrdə, xəlifənin ölkə rəhbəri olub-olmaması barədə müzakirələr davam etdi. Bu əsnada 21-27 dekabr 1922 tarixində toplanan Hindistan xilafət konferansı Əbdülməcidin xəlifəliyini təsdiq və qəbul etdi. Yenə hind müsəlmanları 3 yanvar 1923-cü ildə Mustafa Kamal Paşaya “münci-i xilafət” (xilafətin xilaskarı) ünvanı verdi.

29 oktyabr 1923-cü ildə cumhuriyyətin elan edilməsinin ardından xilafət və xəlifənin vəziyyəti yenidən gündəmə gəldi. Qəzetlərdə xəlifənin istehfa verəcəyi haqda xəbərlər çıxdı. Şəxsən Əbdülməcid Əfəndi tərəfindən yalanlanan xəbərlərin ardından ingilislərin müdaxiləsi ilə xəlifənin nüfuzu artırıldı.

İngilis hökumətinin bu tərzdə müdaxilə etməsindən narahat olan TBMM 8-9 dekabr 1923 gecəsi gizli bir müşavirə keçirdi. Nəhayət, uzun müzakirələrdən sonra 3 mart 1924 tarixində xəlifəliyin ləğvi və Osmanlı sülaləsinin ölkədən sürgün edilməsini bildirən 431 saylı qanun qəbul edildi.

Əbdülməcid Əfəndi, yanında oğlu Ömər Fərrux Əfəndi, qızı Dürrüşəhvar Sultan, uşaqlarının müəllimi Saleh Kəramət Nigar Əfəndi, 2 xanımı, şəxsi katibi Hüseyn Nakib və həkimi Səlahəddin bəylə həmin günün gecəsi maşınla Çatalcaya, buradan isə qatarla ölkə xaricinə yola düşdü. Qatara minərkən dövrün Çatalca valisi tərəfindən zərfin içərisində 2 min sterlinqlə birlikdə İsveçrə tərəfindənm viza alınana və yalnız ölkədən çıxışı təmin edən vətəndaşlıq vəsiqəsi verildi. Bundan başqa İsveçrənin Böyük Alp otelində yer ayrıldı.

Otelə yerləşdikdən sonra bir çox Avropa ölkəsindən jurnalistlər xəlifdən müsahibə almaq üçün otelə axın etdi. Əbdülməcid və ailəsinin otel məsrəfləri getdikcə artığından Saleh Kəramət Nigarı müsəlman ölkələrin səfirləriylə görüşərək yardım almaq məqsədilə Parisə göndərdi. Burdan yardım ala bilmədiyi üçün Londona gedən Kəramət Nigar burada apardığı müzakirələrin sonunda Heydərabad nizamının Əbdülməcid Əfəndiyə aylıq 300 sterlinq maaş verilməsini təmin etdi. 1924-cü ilin oktyabrında Fransaya gedən və burada Nitsa şəhərində sakit bir həyat yaşayan Əbdülməcid Əfəndi burada özünü ibadətə həsr etdi. Heydərabad nizamı, böyük oğlu Əzəm Cah üçün Əbdülməcid Əfəndinin qızı Dürrüşəhvar Sultanı, kiçik oğlu Müəzzəm Cah üçün isə V Muradın nəticəsi Nilufər Sultanı istədi. Sadə bir mərasimlə 2 Osmanlı sultanının Heydərabad sarayına gəlin getməsi Əbdülməcid Əfəndinin maddi vəziyyətini xeyli yaxşılaşdırdı.

Daha sonra Parisə köçən Əbdülməcid Əfəndi İkinci Dünya müharibəsində Paris bombalandığı əsnada 23 avqust 1944 tarixində vəfat etdi. Bu əsnada İstanbulda olan şəxsi katibi Kəramət Nigar cənazənin ölkəyə qaytarılması məqsədilə müzakirələr aparsa da, bu heç bir nəticə vermədi. Hətta qızı Dürrüşəhvar Sultan Heydərabad şahzadəsi ünvanıyla ölkəyə gələrək İsmət İnönü ilə görüşmüş, Paris məscidində xüsusi dərmanlarla mühafizə olunan cənazənin ölkəyə gətirilməsi barədə söz almasına baxmayaraq, Əbdülməcid Əfəndinin cənazəsi bir müddət daha Parisdə qaldı. 10 il boyunca burada gözlədilən Əbdülməcid Əfəndinin cənazəsi Mədinəyə gətirildi və 30 mart 1954-cü ildə burada Bəqi məzarlığında torpağa verildi.

Digər dillərdə
Afrikaans: Abdülmecid II
български: Абдул Меджид II
bosanski: Abdulmedžid II
čeština: Abdulmecid II.
English: Abdulmejid II
español: Abdul Mejid II
français: Abdülmecid II
Bahasa Indonesia: Abdul Mejid II
italiano: Abdülmecid II
Basa Jawa: Abdul Mejid II
ქართული: აბდულმეჯიდ II
қазақша: II Әбділмәжит
latviešu: Abdulmedžids II
Bahasa Melayu: Abdülmecid II
Nederlands: Abdülmecit II
português: Abdul Mejide II
srpskohrvatski / српскохрватски: Abdul Medžid II
српски / srpski: Абдулмеџид II
українська: Абдул-Меджид II
oʻzbekcha/ўзбекча: Abdulmajid II
Tiếng Việt: Abdulmecid II